Əksəriyyətimiz müxtəlif səbəblər üzündən az hərəkətli həyat tərzi keçirir və buna bəraət qazandırmaq üçün bir sıra bəhanələr axtarırıq. Biz təmbəlliyimizi işimizin ağırlığı, maddi problemlər, vaxt qıtlığı, stresslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə və məsuliyyətdən yayınmağa çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, inkişaf edir və güclənir. İyirmi yaşa çatdıqdan sonra insan funksional inkişafının ən yüksək səviyyəsinə çatır və bundan sonra əqli, eləcə də fiziki inkişafında tədricən geriləmə ilə üz-üzə qalır. Yetmiş yaşdan sonra bu zəifləmənin sürəti də artır. Bu, təbii və obyektiv qocalmadır. Uzun müddət aparılan tətqiqatlar sübut etmişdir ki, fiziki fəallığı yüksək olan şəxslərdə iyirmi yaşdan sonra baş verən qocalma prosesi daha yavaş gedir. Bu tətqiqatlar bir faktı da sübut etmişdir ki, fiziki məşqlər edən 65 yaşlı insanın iş qabiliyyəti 35 yaşında olan və azhərəkətli həyat tərzi keçirən insanın iş qabiliyyətindən çox-çox yüksəkdir.

Fiziki ehtiyatlarımızın tükənməsinə şərait yaradan ən önəmli amil müasir həyat tərzidir. Qəribə görünsə də müasir insanın rahat həyat tərzi, fiziki ehtiyatlarımızın azalmasına səbəb olan ən önəmli amildir. Fiziki fəallığın qocalma prosesinin sürətini azaltdığını, müəyyən xəstəliklərin qarşısını aldığını və həyat keyfiyyətini yaxşılaşdırdığı haqqında yetərli məlumatlar vardır. İnsanın digər canlılardan fərqi həyatı sadə prinsiplər üzərində qurmaqla bərabər onun keyfiyyətini yaxşılaşdırmaqdır.

Daha keyfiyyətli həyat tərzi isə çalışmağı, kəşf etməyi və sağlam olmağı tələb edir. Fiziki fəal insanlar arasında miokard infarktının rastgəlmə tezliyinin azhərəkətli isanlara nisbətən daha aşağı olduğunu bir sıra tədqiqatlar sübut etmişdir. Amerikalı idman həkimi və tədqiqatçısı Joe Dewalt deyir: “ Əgər davamlı şəkildə fiziki məşqlər etsəniz miokard infarktı riskini 300 % azaltmış olarsınız”. Joe Dewalt əlavə edir: “Siz oturaq həyat tərzi yaşayan insansınızsa keçirəcəyiniz ilk miokard infarktı zamanı birinci 24 saat ərzində ölmə riskiniz 25% təşkil edəcək, sonrakı 5 il ərzində isə bu rəqəm 75%-ə yaxınlaşacaqdır. Əgər davamlı şəkildə idmanla məşğul olursunuzsa ilk 24 saat ərzində ölmə riskiniz 5%-ə, növbəti beş il ərzində ölmə riskiniz isə 25%-ə qədər enəcəkdir.”O, belə bir fərqə nail olmaq üçün 2-3 ay, həftədə 3 gün müddətində, 30 dəqiqə, orta intensivlikli fiziki məşq proqramının kifayət etdiyini də vurğulamışdır.

Oxşar misalları ürək – damar xəstəliklərinin yaranmasında önəmli səbəb olan qanda xolesterin miqdarının yüksək olması və triqliseridlərin toplanması, yüksək arterial təzyiq, xüsusilə menopauzadan sonra tez-tez rast gəlinən osteoporoz (sümük toxuması əriməsi) və digər amilləri göstərmək olar. Davamlı idman məşqləri insanın müxtəlif xəstəliklərə tutulma riskini azaltmaqla yanaşı, fiziki balansımızda yaratdığı artma ilə əlaqədar işgörmə qabiliyyətimizə, idman göstəricilərimizə, məişətdə fəal olmağımıza, asudə vaxtımızı dəyərləndirmə bacarığımıza da müsbət təsir göstərir. Artan fiziki qabiliyyət və özünə inam hissinin güclənməsinə, həyatdan əldə edilən maddi və mənəvi dəyərlərin düzgün qiymətləndirilməsinə də təsir edir.

Sağlamlığımızı, eləcə də ürəkqan-damar sisteminin fəaliyyətini və müqavimətini artırmaq üçün lazım olan fiziki məşqlərə qaçış, üzgüçülük, velosiped sürmə və sadəcə gəzintiləri göstərmək olar. Ancaq sadalanan məşqlər arasında hər kəsin, hər yerdə, hər zaman, ən az məsrəflərlə həyata keçirə bildiyi fiziki aktivlik növü gəzintilərdir. Fiziki aktivliyi qarşısına məqsəd qoyan hər bir insan ilk növbədə sağlamlıq dərəcəsinə müvafiq olan idman növünü seçməlidir. Bu baxımdan gəzintilərin üstün cəhəti təbiətlə baş-başa qalmaq şansıdır. Gəzintilər üçün seçdiyiniz ərazinin şəraitinə uyğun olaraq təbii amillərin gözəlliyindən zövq ala bilərsiniz. Bununla yanaşı gəzintilər zamanı insan xəyallara dalır, gələcək fəaliyyəti üçün planlar qürur, müəyyən qərarlar qəbul edir. Həyatın bütün çətinliklərinə və imkansızlıqlarına rəğmən problemləri həll etmənin ən yaxşı yollarından biri idmanla məşğul olmaq və fəal fiziki həyatdır. Sevindirici haldır ki, cəmiyyətimizdə bu prinsipi qəbul edənlərin sayı getdikcə artır.

Əbülfət Həmidov