Endokrinologiya yunan sözü olub (endo – daxili, krino – sekresiya, loqos – təlim) daxili sekresiya vəzləri haqqında olan elmdir. İfrazatın açıldığı yerə görə vəzlər iki qrupa bölünürlər:
1) Ekzokrin vəzlər – bunların sekreti xaricə, yəni ağız boşluğuna, həzm sisteminə (mədəyə və bağırsaqlara) açılır;
2) Endokrin vəzlər – bunların ifrazatı (sekresiya məhsulu – sekreti) isə ancaq qana və limfaya açılır. Endokrin vəzlərin sekreti hormon adlanır. Yunanca hormao – qıcıqlandırmaq, hərəktə gətirmək deməkdir.
Endokrin sistemi orqanizmin digər orqan və sistemlərilə üzvi bağlı olub orqanizmin üzvi funksional tamlığını-homeostazı təmin edir. Bu sistem sinir sistemi, qan və limfa ilə daha sıx əlaqədədir.
Endokrin vəzi ifrazatının azlığı, artıqlığı müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur ki, bunlardan da ən məşhuru gündəlik həyatımızda tez-tez eşitdiyimiz diabet tipi tip 2 diabetidir. Tip 2 diabet risk qrupu olan insanlar artıq çəkililikdən əziyyət çəkən əsasən 40 yaş üzəri insanlardır. Diabet xəstələrinin əsas hissəsində 1-ci dərəcəli ailə fərdlərində (ana, ata, qardaş və s.) diabet xəstəliyi olduğu aşkarlanmışdır. Tip 1 Diabet isə avtoimmun bir xəstəlik olub uşaqlıq dövrlərindən ortaya çıxmaqdadır.